Image

Anar Əliyev: Azərbaycanda 600 minə yaxın əmək müqaviləsi rəsmiləşdirilib

Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 600 minə yaxın əmək müqaviləsi rəsmiləşdirilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ildən etibarən qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində əmək müqavilələrinin sayı təxminən 46-47 faiz artıb, ölkə üzrə əməkhaqqı fondu isə üç dəfədən çox yüksəlib.

Əliyevin sözlərinə görə, formal məşğulluğun genişlənməsi işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması üçün də yeni imkanlar yaradır. Bu baxımdan işəgötürənlər işçilərinin peşə hazırlığına və ixtisasartırmasına investisiya qoymağa təşviq edilməlidir.

Nazir qeyd edib ki, əmək müqaviləsi ilə çalışan şəxslərin işəgötürənlər tərəfindən müxtəlif peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb olunması ölkədə işçi qüvvəsinin kvalifikasiya səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verə bilər.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin tələblərinə uyğun kadrların tapılması və hazırlanması istiqamətində də xidmətlər göstərir. Bu çərçivədə iri işəgötürənlərin ehtiyaclarına uyğun işçi qüvvəsinin axtarışı və peşə hazırlığı proqramları həyata keçirilir.

Mənbə: anews.az

Xəbər lenti