“Bənövşə” bağçasında şəraitsizlik: Təhsil idarəsi problemdən xəbərdardır
Mingəçevirdə 21 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçasının yararsız vəziyyətdə olması ilə bağlı valideynlər Anews.az redaksiyasına müraciət ediblər.
Valideynlər bağçanın təmir olunması üçün problemin ictimailəşdirilməsini istəyirlər. Onların sözlərinə görə, müəssisənin təmir ediləcəyi dəfələrlə bildirilsə də, indiyədək bu istiqamətdə iş görülməyib.
Valideynlər iddia edirlər ki, uşaqlar yararsız vəziyyətdə olan, sökülmüş sanitar qovşaqdan istifadə etməyə məcbur qalırlar.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, qurum bağçanın mövcud vəziyyətindən xəbərdardır.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmiri ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib və bağçada təmir işlərinin aparılması nəzərdə tutulur.
İdarədən əlavə edilib ki, tabelikdə olan 14-dən çox məktəbəqədər təhsil müəssisəsində cari, 5 müəssisədə isə əsaslı təmir işləri aparılıb.
Bildirilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipləri əsasında həyata keçirilir.











Mənbə: anews.az