DSMF-nin investisiya gəlirləri 2025-ci ildə 120,5 milyon manat olub
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ildə investisiya fəaliyyətindən 120,5 milyon manat, 2026-cı ilin ilk yarısında isə 62,6 milyon manat gəlir əldə edib. Bu barədə Fondun məlumatında bildirilib.
Məlumata görə, DSMF 2025-ci ildə dövlət zəmanətli istiqrazlara 690 milyon manat, 2026-cı ilin ilk yarısında isə 197,5 milyon manat vəsait yönəldib.
Əks-repo əməliyyatlarına yatırılan vəsait ötən il 1 milyard 210,5 milyon manat, bu ilin ilk yarısında 1 milyard 42,8 milyon manat təşkil edib. Bank depozitlərinə isə 2025-ci ildə 10 milyon manat vəsait yerləşdirilib.
Ümumilikdə, 2025-ci ildə investisiyaya yönəldilmiş vəsait 2024-cü illə müqayisədə 34,1% artıb.
Fondun investisiya fəaliyyəti ilə bağlı bank və kommersiya xərcləri 2025-ci ildə 0,6 milyon manat, 2026-cı ilin ilk yarısında isə 0,2 milyon manat olub.
İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına Prezidentin 29 dekabr 2024-cü il tarixli sərəncamının icrası üçün 85,6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 2025-ci ilin dekabrında 12,1 milyon manat, 2026-cı ilin yanvarında isə 0,9 milyon manat olmaqla, ümumilikdə 12,9 milyon manatı istifadə edilməmiş vəsait kimi geri qaytarılıb.
Bundan başqa, DSMF-nin 2026-cı ilin ilk yarısında investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər hesabına Prezidentin 25 dekabr 2025-ci il tarixli sərəncamının icrası üçün 56,65 milyon manat vəsait ayrılıb.
Mənbə: anews.az