Sabah bu ərazilərdə işıq olmayacaq
İyunun 25-də Bakının bəzi ərazilərində planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək İzmir, Qızıl Şərq, Eldar Ağayev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən də eyni saatlarda Kamil Balakişiyev, İmadəddin Nəsimi, Əzim Əzimzadə və Mehdi Abbasov küçələrinin bəzi hissələrində elektrik kəsiləcək.
Bundan başqa, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasının ikinci paylayıcı qurğusunda aparılacaq yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar saat 13:00-dan 16:00-dək Binəqədi kəndi və ətrafındakı yeni yaşayış massivlərində, Biləcəri qəsəbəsinin Məmmədoğulları, M. Aslanov və 10 May küçələrində, həmçinin DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Şirkət bildirib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.
Mənbə: anews.az