Image

Məktəbə telefon gətirmək olar, istifadə etmək yox - nazir yeni qərarı təsdiq edib

Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, dərs və məşğələ müddətində təhsilalanların mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan istifadəsi qadağan edilir.

Yeni qaydalara görə, şagirdlərin məktəbə gətirdiyi mobil və elektron cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi xüsusi saxlama yerlərində – mobil qutular, şkaflar və digər yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.

Bununla yanaşı, şagirdlər dərs zamanı müəllimin icazəsi və nəzarəti altında elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün mobil və elektron cihazlardan köməkçi vasitə kimi istifadə edə biləcəklər.

Qaydalara əsasən, məktəb ərazisində mobil cihazlardan yalnız zəruri hallarda, o cümlədən təbii fəlakət, digər fövqəladə hallar və ya sağlamlıq vəziyyəti ilə bağlı informasiya mübadiləsi məqsədilə istifadə olunmasına icazə verilir.

Qərarda qeyd olunur ki, qaydaların icrasına nəzarət məktəblərin daxili intizam qaydaları ilə tənzimlənəcək. Pozuntu aşkar edildiyi halda məktəb rəhbərliyi bir iş günü ərzində valideynləri məlumatlandırmalı və profilaktik tədbirlər həyata keçirməlidir.

Sənədə əsasən, məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün rəqəmsal texnologiyalar, informasiya təhlükəsizliyi, elektron oyunlardan istifadə və kibertəhlükəsizlik mövzularında mütəmadi maarifləndirmə tədbirləri də təşkil olunacaq.

Mənbə: anews.az

Xəbər lenti