Image

Deputat: qumarla bağlı cərimələr artırılır

İnzibati Xətalar və Cinayət Məcəllələrinə təklif edilən dəyişikliklər qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı məsuliyyət tədbirlərinin daha da dəqiqləşdirilməsini nəzərdə tutur. Bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

Deputatın sözlərinə görə, qanun layihəsində qumar oyunlarının qanunsuz təşkili və keçirilməsinə görə tətbiq edilən maliyyə sanksiyaları Cinayət Məcəlləsinin son illərdə dəyişdirilmiş digər maddələri ilə uyğunlaşdırılır. 

Hüseynli qeyd edib ki, yeni yanaşmaya əsasən, cərimələr artıq sabit məbləğlə deyil, cinayət nəticəsində əldə edilmiş gəlirin iki misli həcmində müəyyən ediləcək. Onun sözlərinə görə, bu mexanizm oxşar xarakterli digər iqtisadi cinayətlər üzrə tətbiq olunan hüquqi yanaşma ilə eynilik təşkil edir.

Deputat əlavə edib ki, qanun layihəsində xüsusi diqqət yetirilən məsələlərdən biri də yetkinlik yaşına çatmayanların qumar oyunlarına cəlb olunmasıdır.

Onun sözlərinə görə, qumar oyunlarının təşkili və keçirilməsi zamanı azyaşlıların iştirakına yol verildiyi hallarda cinayət məsuliyyəti daha da sərtləşdirilir.

"Bu qəbildən olan əməllərə görə cəzaların ağırlaşdırılması nəzərdə tutulur. Hesab edirəm ki, bu, xüsusilə həssas məsələdir", –  Hüseynli bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti