Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Yasamal Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə Bakı şəhəri, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yerləşən evin qanunsuz sökülməsi ilə bağlı yayılan iddiaları təkzib edib. Qurumun bildirdiyinə görə, söküntü işləri yaşayış evinə deyil, qanunsuz inşa edilmiş əlavə tikiliyə aiddir.
İcra hakimiyyətindən bildirilib ki, həmin ünvanda yaşayan Tatyana Aqafonovanın evinin istismar müddəti başa çatıb və ərazi üzrə qiymətləndirmə, eləcə də köçürülmə prosesi həyata keçirilib. Məlumata görə, sakin əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğdə kompensasiya tələb edib.
Qurumun açıqlamasında qeyd olunub ki, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin istifadəsində binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən qanunsuz tikili mövcuddur. Hazırda söküntü işləri məhz həmin əlavə tikiliyə münasibətdə aparılır.
İcra hakimiyyəti əlavə edib ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntüsü davam etdirilir, sakinlər isə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülür. Proses başa çatdıqdan sonra ərazidə abadlıq işlərinin aparılması, həmçinin tarixi binaların təmiri və bərpası nəzərdə tutulur.
Mənbə: anews.az