Qobustanda ağır qəzada bir nəfər ölüb, altı nəfər xəsarət alıb
Qobustan rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb. Bu barədə TƏBİB və yerli media məlumat yayıb.
Məlumata görə, qəza iyulun 5-də rayonun Heydər Əliyev Məscidi yaxınlığında baş verib. 61 yaşlı Zakir Ağayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Nəticədə sürücü hadisə yerində həyatını itirib.
TƏBİB-in məlumatına əsasən, qəza nəticəsində 7 nəfər (6 kişi və 1 qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə tibbi xidmətdən yazılı iltizam əsasında imtina edib.
Daha ixtisaslı tibbi yardım göstərilməsi üçün üç yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicəsi davam edir. Yaralılardan birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
TƏBİB əlavə edib ki, xəstəxanaya kritik ağır vəziyyətdə çatdırılan bir kişi pasiyentin həyatını xilas etmək mümkün olmayıb və o, axşam saatlarında vəfat edib.
Mənbə: anews.az