Image

Deputat - dövlət satınalmalarında gecikmələr xəstəxanaların fəaliyyətinə mənfi təsir göstərir

Milli Məclisin deputatı Rəşad Mahmudov dövlət satınalmaları mexanizmlərinin səhiyyə sektorunun tələblərinə tam uyğun gəlmədiyini bildirib və tibbi məhsulların alınması üçün daha çevik yanaşmanın tətbiqini təklif edib.

Parlamentdə çıxışı zamanı deputat qeyd edib ki, icbari tibbi sığorta sisteminin əsas məqsədlərindən biri xəstəxanalar arasında xidmət keyfiyyətinə əsaslanan rəqabət mühitinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, xəstəxanaların maliyyələşməsi göstərdikləri tibbi xidmətin keyfiyyətindən asılıdır və bu, daha səmərəli idarəetməni təşviq edir.

Rəşad Mahmudov bildirib ki, praktikada dövlət satınalmaları prosedurları ilə səhiyyə sisteminin ehtiyacları arasında uyğunsuzluqlar mövcuddur. O qeyd edib ki, plan üzrə üç ay ərzində başa çatdırılması nəzərdə tutulan satınalma prosesləri bəzi hallarda altı, səkkiz, hətta doqquz aya qədər uzanır.

Deputatın sözlərinə görə, bu gecikmələr xəstəxanaların gündəlik fəaliyyətini çətinləşdirir və tibbi xidmətlərin fasiləsiz göstərilməsi üçün risk yaradır.

Rəşad Mahmudov vurğulayıb ki, tibbi məhsullar və dərman vasitələri adi istehlak mallarından fərqlənir və onların qiymətləndirilməsində təkcə qiymət deyil, klinik effektivlik və müalicə nəticələri də əsas meyar olmalıdır.

O bildirib ki, uzunmüddətli satınalma prosedurlarından sonra alınan bəzi tibbi məhsullar praktik istifadədə gözlənilən nəticəni vermədikdə, onların operativ şəkildə əvəzlənməsi mümkün olmur. Bu isə həm həkimlərin optimal seçim imkanlarını məhdudlaşdırır, həm də dövlət vəsaitlərindən istifadənin səmərəliliyinə mənfi təsir göstərir.

Deputat hesab edir ki, tibbi məhsullar, dərman vasitələri və yüksək texnologiyalı tibbi avadanlıqlar üzrə satınalma mexanizmlərinə ayrıca yanaşılmalı, bu sahədə çeviklik, məhsulun keyfiyyəti, klinik effektivlik və pasiyent təhlükəsizliyi əsas meyarlar kimi nəzərə alınmalıdır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti