Dövlət Statistika Komitəsi turizm sorğularına tələbələri cəlb edib
Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrin aparılmasına ali təhsil müəssisələrinin tələbələrini cəlb edib.
Sorğular Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında keçirilir.
Məqsəd səfərin səbəbi, qalma müddəti, yerləşmə vasitələri, səfər zamanı çəkilən xərclər və digər göstəricilər üzrə rəsmi statistikanın hazırlanması üçün məlumat toplamaqdır.
Sorğuları aparan sayıcılar əvvəlcədən təlim keçiblər. Təlim proqramına statistik müşahidələrin aparılması metodologiyası, respondentlərlə ünsiyyət qaydaları və etik davranış prinsipləri daxil edilib.
Komitə bildirib ki, tələbələrin prosesə cəlb olunması onların rəsmi statistika sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına şərait yaradır. Toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunacaq, fərdi məlumatların məxfiliyi qanunvericiliyə uyğun qorunacaq.
N.Təbrizli
Mənbə: anews.az