Səfərbərlik xidmətinin keçmiş vəzifəli şəxsi ilə bağlı iş məhkəməyə göndərilib
Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin sabiq rəis əvəzi Murad Əhmədov barəsində rüşvət alma ittihamı ilə aparılan ibtidai istintaq başa çatıb.
İstintaqın məlumatına görə, Əhmədov 2024–2025-ci illərdə həmin vəzifədə işləyərkən sağlamlıq vəziyyətinə görə hərbi xidmətdən azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayınmasına kömək etmək və digər hərəkətlər müqabilində ayrı-ayrı şəxslərdən təkrarən rüşvət almaqda ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və o, vəzifəsindən kənarlaşdırılıb.
Cinayət işi baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.
Mənbə: anews.az