Image

Pirşağıda açıq kanalizasiya quyusuna daha bir avtomobil düşüb, ADSEA hələlik açıqlama verməyib

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı yolda qazılmış kanalizasiya quyusuna daha bir avtomobil düşüb.

Hadisə sutkanın qaranlıq vaxtında baş verib. İlkin məlumata görə, "Toyota Aqua" markalı minik avtomobili yolun kənarında yerləşən açıq kanalizasiya quyusuna düşüb. Qəzaya uğrayan avtomobil daha sonra xüsusi kran vasitəsilə quyudan çıxarılıb.

Bu, son günlər eyni ərazidə baş verən ikinci oxşar hadisədir. Belə ki, iyulun 4-də də Pirşağı qəsəbəsində dənizkənarı yolda minik avtomobili yol kənarında yerləşən kanalizasiya kollektoruna düşmüşdü. Həmin hadisənin görüntüləri sosial şəbəkələrdə yayılmışdı.

İlkin məlumata əsasən, iyulun 4-də baş verən qəza gecə saatlarında qeydə alınmış, sürücü və sərnişinlərin yüngül xəsarət aldığı bildirilmişdi.

Eyni ərazidə qısa müddət ərzində iki analoji hadisənin baş verməsinə baxmayaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məsələ ilə bağlı agentliyə sorğu göndərilib. Qurumun mövqeyi daxil olduqdan sonra xəbər yenilənəcək.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Azərbaycan nefti bahalaşıb