Azərbaycanda 3 vəkil intizam məsuliyyətinə cəlb edilib
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti intizam pozuntularına görə iki vəkilə töhmət verib, bir vəkil barəsində isə cərimə intizam tədbiri tətbiq edib.
Vəkillər Kollegiyasının yaydığı məlumata görə, qərar Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.
Məlumata əsasən, daha dörd vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
İclasda, həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpası, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Rəyasət Heyəti Bakıda 41 saylı Vəkil Bürosunun yaradılmasını, həmçinin bəzi vəkillərin fərdi vəkil kabineti açmasına dair müraciətləri də təsdiqləyib.
Bundan başqa, European Law Students' Association Azerbaijan (ELSA Azərbaycan) tərəfindən təşkil olunacaq Beynəlxalq Yay Hüquq Məktəbi layihəsinə akademik və maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edilib. Kollegiya bunu gənc hüquqşünasların beynəlxalq hüquqi biliklərinin və praktiki hazırlığının inkişaf etdirilməsi ilə əsaslandırıb.
Mənbə: anews.az