Pirşağıda eyni quyuya iki avtomobil düşdü: Təhlükəsizlik qaydaları niyə işləmədi?
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol kənarında inşa olunan kollektor ətrafında təhlükəsizlik tədbirlərinin tam təmin edilməməsi yol-nəqliyyat hadisələri riskini əhəmiyyətli dərəcədə artırır. Bunu SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə ekspert Ramin Mürsəliyev Anews.az-a açıqlamasında bildirib.
Son bir həftə ərzində həmin ərazidə iki oxşar qəza baş verib. Son hadisə gecə saatlarında qeydə alınıb. İlkin məlumata görə, "Toyota Aqua" markalı minik avtomobili dənizkənarı yolda yerləşən açıq kanalizasiya quyusuna düşüb. Avtomobil sonradan xüsusi texnika vasitəsilə çıxarılıb. Bundan əvvəl isə iyulun 4-də eyni ərazidə başqa bir minik avtomobili kanalizasiya kollektoruna düşmüş, nəticədə sürücü və sərnişinlər yüngül xəsarət almışdı.
Mürsəliyevin sözlərinə görə, təxminən səkkiz metr dərinliyində olan qazıntının hərəkət hissəsinə yaxın yerləşməsinə baxmayaraq, sürücülərin təhlükəni vaxtında görməsi üçün kifayət qədər xəbərdaredici nişanlar və təhlükəsizlik vasitələri görünmür.
"İş sahəsinə yaxınlaşdıqca sürət məhdudiyyəti mərhələli şəkildə tətbiq edilməli, xəbərdaredici nişanlar kifayət qədər məsafədən quraşdırılmalı, qazıntı sahəsi beton baryerlərlə tam əhatə olunmalı və gecə saatlarında sayrışan işıqlarla işarələnməlidir", - ekspert bildirib.
Onun sözlərinə görə, müvəqqəti hərəkətin təşkili sxemi hazırlanmalı, istiqamətləndirici nişanlar yerləşdirilməli və iş aparılan ərazi kifayət qədər işıqlandırılmalıdır. Bu tədbirlər sürücülərin təhlükəli sahədən təhlükəsiz keçməsinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
Azərbaycanda avtomobil yollarında təmir və tikinti işləri zamanı təhlükəsizlik tədbirlərinin görülməsi bir neçə normativ sənədlə tənzimlənir. Bunlara "Yol hərəkəti haqqında" Qanun, "Yol nişanlarının tətbiqi qaydaları", eləcə də avtomobil yollarında müvəqqəti hərəkətin təşkili ilə bağlı dövlət standartları daxildir.
Normativ tələblərə görə, yol işləri aparılan ərazilər fiziki maneələrlə ayrılmalı, sürücülər təhlükə barədə əvvəlcədən xəbərdar edilməli, gecə saatlarında xəbərdaredici işıq siqnalları və işıqəks etdirən vasitələrdən istifadə olunmalıdır. Eyni zamanda, hərəkətin təhlükəsiz davam etdirilməsi üçün müvəqqəti yol nişanları, istiqamətləndirici vasitələr və hərəkətin təşkili sxemi hazırlanmalıdır.
Azərbaycanın qonşu ölkələrində yol tikintisi və kommunal işlər zamanı təhlükəsizlik tədbirləri beynəlxalq standartlara uyğunlaşdırılmağa çalışılır.
Türkiyədə yol işləri zamanı təhlükəsizlik tədbirləri Karayolları Genel Müdürlüğünün texniki qaydaları ilə tənzimlənir. İş sahəsinə yaxınlaşdıqca sürət mərhələli şəkildə azaldılır, xəbərdaredici nişanlar əvvəlcədən quraşdırılır, açıq qazıntılar beton və ya plastik baryerlərlə əhatə edilir. Gecə saatlarında isə LED xəbərdaredici işıqlar və reflektorlardan istifadə olunur. Magistral yollarda elektron məlumat lövhələri vasitəsilə sürücülərə yol işləri barədə əvvəlcədən məlumat verilir.
Gürcüstanda Avropa İttifaqının maliyyələşdirdiyi bir sıra yol layihələri çərçivəsində müvəqqəti hərəkətin təşkili beynəlxalq standartlara uyğun həyata keçirilir. Yol işləri aparılan ərazilərdə xəbərdaredici nişanlar yüzlərlə metr əvvəl yerləşdirilir, hərəkət zolaqları müvəqqəti nişanlanır, qazıntılar qoruyucu baryerlərlə tam bağlanır və gecə saatlarında sayrışan işıqlar quraşdırılır.
Rusiyada yol işləri dövlət standartları (GOST) ilə tənzimlənir. Bu standartlara əsasən, açıq qazıntılar və kollektorlar metal hasar və ya beton maneələrlə tam mühafizə olunmalı, gecə saatlarında qırmızı işıq siqnalları ilə işarələnməli, sürət məhdudiyyətləri isə iş zonasına yaxınlaşdıqca mərhələli şəkildə tətbiq edilməlidir. Təhlükəsizlik qaydalarının pozulmasına görə podratçı təşkilatlar və sifarişçilər inzibati məsuliyyət daşıya bilirlər.
Ermənistanda da şəhər və respublika əhəmiyyətli yollarda aparılan kommunal işlər zamanı qazıntılar metal baryerlərlə əhatə olunur, müvəqqəti xəbərdaredici nişanlar və gecə işıqlandırması tətbiq edilir. Xüsusilə paytaxt İrəvanda son illərdə yol təmiri layihələrində Avropa standartlarına uyğun müvəqqəti hərəkət sxemlərinin tətbiqi genişləndirilib.
Beynəlxalq təcrübədə, o cümlədən Avropa ölkələri, ABŞ və Kanadada yol işlərinin təşkili "Work Zone Safety" (iş zonasının təhlükəsizliyi) prinsiplərinə əsaslanır. Bu yanaşmanın əsas məqsədi sürücünün yol verməsi ehtimal olunan səhvlərin ağır nəticələrə səbəb olmasının qarşısını almaqdır.
Bu standartlara görə, təhlükəli sahəyə yaxınlaşdıqca sürət tədricən azaldılır, xəbərdaredici nişanlar yolun sürət rejimindən asılı olaraq 100–500 metr əvvəl yerləşdirilir, qazıntılar fiziki maneələrlə tam bağlanır, gecə vaxtı yüksək görünən işıqlandırma və sayrışan siqnallardan istifadə edilir, müvəqqəti yol nişanları və istiqamətləndirici xətlər sürücünü təhlükəli zonadan təhlükəsiz keçirməlidir.
Gülnar Nazimqızı
Mənbə: anews.az