Image

Rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb - nazir müavini

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulan 58 təşəbbüsün icrasına başlanılıb. Bunu rəqəmsal inkişaf nazirinin müavini Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, fəaliyyət planı dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqaməti əhatə edir. Həsənov bildirib ki, dövlət qurumlarında saxlanılan məlumatların vahid bazada toplanması, xidmətlərin my.gov.az platformasına inteqrasiyası və proaktiv dövlət xidmətlərinin genişləndirilməsi əsas prioritetlərdəndir. “Bu inteqrasiya yalnız tətbiqlərin birləşdirilməsi deyil, həm də xidmətlərin sadələşdirilməsi və optimallaşdırılması baxımından vacibdir,” Həsənov deyib. Nazir müavininin sözlərinə görə, ilin sonuna qədər daha yeddi dövlət tətbiqinin xidmətlərinin my.gov.az platformasına inteqrasiyası nəzərdə tutulur. O əlavə edib ki, my.gov.az-da süni intellekt əsaslı çatbot artıq fəaliyyət göstərir, növbəti aylarda isə platformaya səsli müraciət və səsli cavab funksiyaları əlavə olunacaq. Həsənov bildirib ki, süni intellekt infrastrukturunun genişləndirilməsi üçün əlavə hesablama güclərinin yaradılması və GPU-ların alınması üzrə işlərə də başlanılıb. Onun sözlərinə görə, innovasiya ekosistemi üzrə qanunvericilik paketi startapların maliyyəyə çıxışını asanlaşdıracaq, vençur fondları, kütləvi maliyyələşdirmə, SAFE mexanizmləri və işçilərin pay iştirakı proqramları kimi alətləri hüquqi çərçivəyə salacaq. Kibertəhlükəsizlik istiqamətində isə CERT və SOC platformalarının yaradılması üzrə işlər aparılır, müvafiq hüquqi çərçivə Milli Məclisə təqdim olunub. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti