Haber Global Türkiyənin ən yaxşı işəgötürənləri siyahısına daxil edilib
Türkiyənin Haber Global televiziya kanalı Forbes Türkiye və biznes-analitika platforması Statista tərəfindən hazırlanan “Türkiyənin ən yaxşı işəgötürənləri 2026” reytinqində ölkənin ən yaxşı işəgötürənləri sırasında yer alıb.
Reytinq 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralına qədər keçirilmiş müstəqil və anonim onlayn sorğunun nəticələrinə əsasən hazırlanıb. Araşdırma çərçivəsində əmək bazarında çalışan iştirakçılar tərəfindən 200 mindən çox qiymətləndirmə toplanıb. Respondentlər həm öz işəgötürənlərini, həm də fəaliyyət göstərdikləri sahədəki digər şirkətləri qiymətləndiriblər.
Şirkətlərin reytinqə ödəniş və ya müraciət əsasında daxil olması mümkün olmayıb və siyahı yalnız əməkdaşların rəyləri əsasında formalaşdırılıb.
Haber Global-ın reytinqə daxil edilməsi telekanalın korporativ mədəniyyəti, əməkdaşlara münasibəti və iş mühiti baxımından yüksək qiymətləndirildiyini göstərir. Reytinq Forbes Türkiye ilə əməkdaşlıq çərçivəsində Statista tərəfindən hazırlanıb və Türkiyənin müxtəlif sahələrini təmsil edən 400 işəgötürəni əhatə edir.
Haber Global 2018-ci ildən Türkiyədə ümummilli xəbər kanalı kimi fəaliyyət göstərir və Global Media Group-un tərkibinə daxildir. Telekanal xəbərlər, siyasi debatlar, iqtisadiyyat, idman, texnologiya və sənədli filmlər yayımlayır.
Onun haberglobal.com.tr xəbər portalı Türkiyənin aparıcı xəbər saytlarından biri hesab olunur.
Mənbə: anews.az