Image

Ali Məhkəmə mənzillərin sahəsi ilə bağlı mübahisələrə aydınlıq gətirib

Mənzilin dövlət reyestrində göstərilən sahəsinin alqı-satqı müqaviləsindəki göstəricidən az olması tikinti şirkətinin müqaviləni pozması demək deyil, Azərbaycan Ali Məhkəməsi bildirib.

Məhkəmənin verdiyi məlumata görə, mübahisələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən həll edilməlidir.

Müqavilədə sahənin hesablama qaydası göstərilməyibsə, mənzilin faktiki işçi sahəsinin razılaşdırılmış ölçüyə uyğunluğu yerində ölçmə yolu ilə müəyyən edilməlidir. Faktiki sahə müqavilədə göstəriləndən az olarsa, bu, şirkətin öhdəliyi qüsurlu icra etməsi kimi qiymətləndirilə bilər.

Ali Məhkəmə bildirib ki, dövlət reyestrində balkon, terras və bəzi açıq sahələr ümumi sahəyə 0,3 azaltma əmsalı ilə daxil edilir. Buna görə çıxarışdakı sahə müqavilədəki göstəricidən az ola bilər. Mənzildə sahə çatışmazlığı təsdiqlənərsə, alıcı çatışmayan hissənin dəyərini mübahisəyə baxıldığı dövrdəki bazar qiymətləri əsasında tələb edə bilər.

Belə tələblər üzrə beşillik iddia müddəti tətbiq olunur və müddət mənzilin fiziki təhvil verildiyi gündən hesablanır.

Mənbə: anews.az

Xəbər lenti