ABŞ xarici tələbələrin qalma müddətini məhdudlaşdırır
ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici tələbələr və mübadilə proqramlarının iştirakçıları üçün ölkədə qalma müddətini maksimum dörd ilədək məhdudlaşdıran yeni viza qaydası elan edib.
Yeni qayda F və J kateqoriyalı viza sahiblərinin təhsil və ya mübadilə proqramı davam etdiyi müddətdə ABŞ-də qalmasına imkan verən mövcud “status müddəti” sistemini əvəz edəcək. Proqramı dörd ildən uzun çəkən tələbələr qalma müddətinin uzadılması üçün ayrıca müraciət etməli olacaqlar.
Qayda tələbələrin əlavə icazə almadan təhsil məqsədlərini dəyişməsini və ya başqa universitetə keçməsini də məhdudlaşdırır. Təhsil başa çatdıqdan sonra ölkəni tərk etmək üçün verilən güzəşt müddəti 60 gündən 30 günə endiriləcək.
ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, dəyişikliklər viza sistemindən sui-istifadənin qarşısının alınmasına və xarici vətəndaşlara nəzarətin gücləndirilməsinə yönəlib.
Daxili təhlükəsizlik naziri Markveyn Mallin əvvəlki sistemin bəzi xarici vətəndaşların təhsil müddətini uzadaraq ABŞ-də uzun illər qalmasına imkan verdiyini bildirib.
Yeni qayda dərc edildikdən 60 gün sonra, Konqresin nəzərdən keçirməsi başa çatdıqdan sonra qüvvəyə minəcək. Tələbələr müddətin uzadılması üçün müraciət edə və ya ABŞ-ni tərk etdikdən sonra ölkəyə yenidən daxil ola biləcəklər.
N. Təbrizli
Mənbə: anews.az