Image

Tovuzda ev yanıb, 5 nəfər tüstüdən zəhərlənib

Tovuz rayonunda ikimərtəbəli fərdi yaşayış evində  yanğın baş verib.Bu barədə "Qafqazinfo" xəbər verir.

Yanğın zamanı alovu söndürməyə köməyə gələn beş nəfər tüstüdən zəhərlənib. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində, İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, ildırım çaxmasından sonra elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olub. Hadisə zamanı evdə heç kəs olmayıb. 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun ətraf tikililərə keçməsinin qarşısını alıblar.

Yanğın nəticəsində evin birinci mərtəbəsində yerləşən mətbəx, ona bitişik zalın yanar konstruksiyaları və məişət avadanlıqları təxminən 40 kvadratmetr sahədə yanaraq yararsız hala düşüb.

Hadisənin səbəbləri araşdırılır. 

Mənbə: anews.az

Xəbər lenti