Bir həftədə azad edilmiş ərazilərdə 858 mina və partlamamış sursat zərərsizləşdirilib
İyulun 13-dən 19-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 28 tank əleyhinə mina, 200 piyada əleyhinə mina və 630 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatına görə, hesabat dövründə ümumilikdə 1 959,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Agentliyin statistikasına əsasən, 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra indiyədək azad edilmiş ərazilərdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.
Bu müddətdə ümumilikdə 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.
Rəsmi məlumatlara görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.
İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ildən bəri mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, zərərçəkənlərin 143-ü mülki şəxslərdir.
ANAMA qlobal statistikaya istinadən qeyd edib ki, dünyada mina qurbanlarının 84%-ni mülki şəxslər, mülki qurbanların 37%-ni uşaqlar, ümumi qurbanların isə 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Gülnar Nazimqızı
Mənbə: anews.az