MÜTDA: xidmət haqqını artıran özəl bağçaların müsabiqədə qalib gəlmə ehtimalı azalır
Özəl məktəbəqədər təhsil müəssisələri xidmət haqqını artırdıqca onların dövlət sifarişi üzrə müsabiqədə qalib gəlmək şansı azalır. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu bildirib.
Yaqublunun sözlərinə görə, valideynlər müsabiqədə iştirak edən bir neçə müəssisə arasında xidmət haqqı daha münasib olan bağçanı seçmək imkanına malik olacaqlar.
"Özəl məktəbəqədər təhsil müəssisəsi xidmət haqqını artırdıqca onun müsabiqədə qalib olmaq şansı azalır", – o deyib.
Direktor müavini qeyd edib ki, özəl bağçalarla müqavilələrin 10 aylıq müddətə bağlanması yay aylarında – iyul və avqustda uşaqların sayının azalması ilə əlaqədardır.
O əlavə edib ki, müəssisə növbəti ildə də müsabiqədə qalib gələrsə, valideyn uşağını həmin bağçada saxlaya biləcək. Əks halda isə başqa məktəbəqədər təhsil müəssisəsini seçməli olacaq.
Mənbə: anews.az