TƏBİB Bakıda motosikletlə təcili tibbi yardım xidmətinə başlayıb
TƏBİB təcili tibbi yardımın operativliyini artırmaq məqsədilə Azərbaycanda ilk dəfə motosikletlə fəaliyyət göstərəcək "Ambucycle" xidmət modelini tətbiq edib.
Qurumun məlumatına görə, yeni model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində həyata keçiriləcək və xüsusilə nəqliyyatın sıx olduğu ərazilərdə təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasını təmin etməyi hədəfləyir.
"Ambucycle" xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur və zəruri tibbi avadanlıqlarla təchiz edilib. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), defibrilyasiya, ürəyin qapalı masajı, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirə bilir.
Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tam təchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunması koordinasiya edilir.
TƏBİB bildirib ki, layihədə iştirak edən feldşerlər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında, Yeni Klinikada və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində xüsusi nəzəri və praktiki hazırlıq keçiblər.
Qurumun məlumatına görə, pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra "Ambucycle" xidmətinin digər ərazilərdə də tətbiqi nəzərdən keçiriləcək.
Mənbə: anews.az