Azərbaycanlı alim Türkiyədə nəşr olunan nüfuzlu kardiocərrahiyyə dərsliyinin müəllifləri sırasında yer alıb
Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsində ən geniş akademik mənbələrdən biri hesab olunan üç cildlik "Kalp ve Damar Cerrahisi" dərsliyi nəşr edilib.
Fundamental nəşrdə Azərbaycan tibb elmi də təmsil olunub. Ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın "Abdominal və torakoabdominal aorta anevrizmalarında cərrahi və endovaskulyar müdaxilə" bölməsinin müəllifi kimi layihədə iştirak edib.
Bölmədə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, açıq cərrahiyyə və endovaskulyar müalicə üsulları, həmçinin beynəlxalq klinik praktikada qəbul olunan yanaşmalar ətraflı şəkildə təqdim edilir. Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb patologiyalarından hesab olunur və onların müalicəsi multidissiplinar yanaşma tələb edir.
Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə müəllif kimi iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialının beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, "Kalp ve Damar Cerrahisi" dərsliyi ürək-damar cərrahları, rezidentlər və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş geniş akademik mənbədir. Kitabı onlayn platformalar vasitəsilə əldə etmək mümkündür.



Mənbə: anews.az