Image

"Arzum" həbsdə qalarsa övladları sığınacağa veriləcək - Məhkəmə

"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdə qalacağı təqdirdə Almaniyada yaşayan azyaşlı övladlarının dövlət himayəsinə götürülərək sığınacağa yerləşdirilməsi riski var. Bunu bloqerin vəkili Hikmət Əliyev Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda bildirib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuruyevin sədrliyi ilə "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətinə baxılır. 

Məhkəmə iclasında çıxış edən vəkil Hikmət Əliyev bildirib ki, İlduzə Hacıyevanın həbsi onun ailəsinə də ciddi təsir göstərib.

"İlduzə Hacıyevanın həbsindən sonra azyaşlı övladları sığınacağa yerləşdiriləcək. Bu işin sosial nəticələri də nəzərə alınmalıdır", - vəkil bildirib.

Vəkil daha sonra apellyasiya instansiyasında işə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. O bildirib ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi bir sıra vəsatətləri təmin etməyib.

"Birinci instansiya məhkəməsi bizim verdiyimiz vəsatətlərin heç birini təmin etmədi. Halbuki həmin vəsatətlər konkret dəlillərə əsaslanırdı və işin obyektiv araşdırılması üçün vacib idi", - Hikmət Əliyev vurğulayıb.

Onun sözlərinə görə, müdafiə tərəfi hadisə yerinə baxış keçirilməsi, avtomobillərin məhkəmə tərəfindən yerində araşdırılması, hadisə şahidlərinin dindirilməsi, hal şahidlərinin şəxsiyyətinin dəqiqləşdirilməsi, bəzi sübutların sübutlar siyahısından çıxarılması və təkrar kompleks məhkəmə-avtotexniki və trasoloji ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırsa da, bunlar təmin edilməyib.

"Bizim əsas məqsədimiz iş üzrə obyektiv həqiqətin müəyyən edilməsidir. Buna görə də məhkəmədən xahiş edirik ki, apellyasiya baxışı məhkəmə istintaqı ilə keçirilsin və bütün bu məsələlər ətraflı araşdırılsın", – vəkil qeyd edib.

Müdafiə tərəfi bildirib ki, apellyasiya şikayətinin mahiyyəti üzrə çıxış zamanı bütün vəsatətlər ayrıca məhkəməyə təqdim ediləcək.

Aytac Zeynalova

 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub