Peşə təhsilinə qəbulun bu il 4% artaraq 28 140 nəfərə çatacağı gözlənilir
Azərbaycanda peşə təhsili müəssisələrinə qəbulun 2026-cı ildə ötən illə müqayisədə 4% artaraq 28 140 nəfərə çatacağı gözlənilir. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə bildirib.
Bayramlının təqdim etdiyi məlumata görə, 2025-ci ildə peşə təhsili müəssisələrinə 27 021 nəfər qəbul olunub. Bu il isə qəbulun 28 140 nəfərə yüksəlməsi proqnozlaşdırılır.
Onun sözlərinə görə, peşə təhsilinə maraq son illərdə davamlı şəkildə artır. Belə ki, 2020-ci illə müqayisədə qəbul olunanların sayı 90% artıb.
Statistikaya əsasən, peşə təhsili müəssisələrinə qəbul 2021-ci ildə 16 590 nəfər, 2022-ci ildə 19 043 nəfər, 2023-cü ildə 20 563 nəfər, 2024-cü ildə 24 823 nəfər, 2025-ci ildə isə 27 021 nəfər təşkil edib.
Bayramlı bildirib ki, qəbulun artması əmək bazarının tələblərinə uyğun ixtisasların genişləndirilməsi, dövlət sifarişli yerlərin artırılması və peşə təhsilinə marağın yüksəlməsi ilə əlaqədardır.
Gülnar Nazimqızı
Mənbə: anews.az