Yarım ildə hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.
ADY-nin məlumatına görə, hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi üçün ciddi risk yaranıb. Qurum bildirib ki, bu cür qanunazidd əməlləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunur.
Qeyd olunub ki, bu cür halları yetkinlik yaşına çatmayanlar törətdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyəti onların valideynləri və ya qanuni nümayəndələri daşıyırlar.
ADY valideynləri övladlarını bu kimi təhlükəli hərəkətlərdən çəkindirməyə və onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbətlər aparmağa çağırıb.
Mənbə: anews.az