Image

Satmaq öhdəliyi ilə kirayəyə verilən 12 mənzil vətəndaşların mülkiyyətinə keçib

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi 12 mənzil üzrə vətəndaşlar ödənişlərini tam başa çatdıraraq mülkiyyət hüququ əldə ediblər.

Bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.

Onun sözlərinə görə, kirayə müqavilələri minimum 3 il, maksimum 25 il müddətinə bağlanır və öhdəliklərini tam yerinə yetirən vətəndaşlar sonda mənzilin sahibi olurlar.

O qeyd edib ki, təqdim olunan mənzillər tam təmirli vəziyyətdə olur, sanitar qovşaqları, kombi sistemi, eləcə də işıq, qaz və su sayğacları ilə təmin edilir. Vətəndaşlar yalnız müqavilə bağlayaraq məişət avadanlıqlarını gətirməklə mənzildə yaşamağa başlaya bilirlər.

Fond rəsmisi vurğulayıb ki, mexanizmin əsas üstünlüklərindən biri aylıq ödənişlərin müqavilə müddəti ərzində dəyişməməsidir.

Aslan Zeynalov xatırladıb ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi Prezidentin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb və 2020-ci ilin martından tətbiq olunur. Onun sözlərinə görə, indiyədək 9 546 kirayə müqaviləsi üzrə vətəndaşlara mənzillər təqdim edilib. Müqavilə üzrə bütün ödənişlər tam yerinə yetirildikdən sonra mənzilin mülkiyyət hüququ vətəndaşa keçir.

Mənbə: anews.az

Xəbər lenti