Prezident internetdə qadağan olunmuş məlumatlarla bağlı yeni qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər internetdə yayılması qadağan edilən məlumatlara çıxışın məhdudlaşdırılması, iqtisadi cinayətlər üzrə məsuliyyətin yumşaldılması və qanunsuz qumar oyunlarına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Qanuna əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanması, istifadəsi və qanunsuz əldə edilməsi üsulları, narkotik tərkibli bitkilərin becərilməsi barədə məlumatlar, təhqir və böhtan xarakterli, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin insanların həyatı və sağlamlığına, ictimai təhlükəsizliyə və kritik infrastrukturun fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatlar yerləşdirildiyi hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə çıxış səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.
Qəbul edilən dəyişikliklər iqtisadi fəaliyyət sahəsində bəzi cinayətlər üzrə də yeni yanaşma müəyyən edir. Belə ki, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabətin məhdudlaşdırılması və digər iqtisadi cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tam ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə qaytardıqda, əlavə olaraq həmin məbləğin 50 faizi həcmində ödəniş etdikləri halda cinayət məsuliyyətindən azad oluna biləcəklər. Əvvəlki qanunvericilikdə bu məbləğ ziyanın və ya gəlirin bir misli həcmində nəzərdə tutulurdu.
Dəyişikliklərlə yalançı sahibkarlıq anlayışı da genişləndirilib. Bundan sonra sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan kredit almaq, rüsumlardan yayınmaq, əmlak mənfəəti əldə etmək və ya qadağan olunmuş fəaliyyəti gizlətmək məqsədilə fiziki şəxs kimi vergi uçotuna alınmaq və ya belə hüquqi şəxsin faktiki idarə edilməsini həyata keçirmək də yalançı sahibkarlıq hesab ediləcək.
Qanun qanunsuz qumar oyunlarına görə məsuliyyəti də sərtləşdirir. Virtual platformalar, internet, mobil rabitə və sosial şəbəkələr vasitəsilə qumar oyunlarının təşkili, yetkinlik yaşına çatmayanların bu oyunlara cəlb edilməsi, əvvəlcədən əlbir olmuş qrup tərəfindən və ya xeyli gəlir əldə etməklə törədilməsi iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə isə cəza üç ildən beş ilədək artırılır.
Prezidentin qanunun tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, Nazirlər Kabinetinə süni intellekt və digər texniki vasitələrdən istifadə etməklə yayılması qadağan edilən informasiyanın avtomatik aşkarlanmasını və internet informasiya ehtiyatlarında yerləşdirilməsinin qarşısının alınmasını təmin edəcək "Yayılması qadağan edilən informasiyaya nəzarət" informasiya sisteminin yaradılması ilə bağlı təklifləri yeddi ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Mənbə: anews.az