Azərbaycanda dövlət sifarişləri üçün ərzaq məhsulları üzrə təklif qəbulu başlayır
Avqustun 1-dən sentyabrın 1-dək fermerlər, istehsalçılar və satıcılar 2027-ci ildə dövlət qurumlarının ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılanması üçün təkliflərini tedaruk.az elektron portalında yerləşdirə biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, ərzaq məhsullarının satışı ilə maraqlanan şəxslər sistemə "ASAN LOGIN" üzərindən, VÖEN-ə bağlı "ASAN İmza" vasitəsilə daxil ola biləcəklər.
Nazirlik bildirib ki, "Aqrar Tədarük və Təchizat" ASC-nin portalda yerləşdirəcəyi elana uyğun olaraq məhsullar üzrə təkliflər avqustun 1-dən sentyabrın 1-dək elektron sistemə yüklənməlidir.
Qeyd olunub ki, müəyyən edilmiş müddətədək təkliflərini portala daxil etməyən istehsalçılar və satıcılar dövlət satınalmalarında iştirak edə bilməyəcəklər. Təkliflərin sistemə yerləşdirilməsi ödənişsiz olacaq.
Nazirliyin məlumatına görə, tedaruk.az dövlət büdcəsi hesabına ərzaq məhsulları satın alan dövlət qurumları ilə həmin məhsulları təklif edən istehsalçı və satıcıları vahid platformada birləşdirir. Portal dövlət sifarişləri üzrə ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınmasını və tədarük prosesinin daha operativ təşkilini hədəfləyir.
Tedaruk.az elektron platforması dövlət qurumlarının ərzaq məhsulları üzrə satınalmalarını daha şəffaf və səmərəli təşkil etmək məqsədilə yaradılıb. Portal vasitəsilə istehsalçılar və təchizatçılar dövlət qurumlarının gələcək tələbatına uyğun məhsul təkliflərini əvvəlcədən təqdim edir, bu da dövlət satınalmalarının planlaşdırılmasını və yerli istehsalçıların prosesdə iştirakını asanlaşdırır.
Mənbə: anews.az