Image

DİM: I və II ixtisas qruplarında ixtisas seçimi imkanları genişləndirilib

Azərbaycanda bu il ali məktəblərə qəbul üzrə ixtisas seçimi qaydalarında dəyişiklik edilib və I və II ixtisas qruplarında 150–200 bal toplayan abituriyentlər üçün seçim imkanları genişləndirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla seçim edilə bilən 11 ixtisas olduğu halda, bu ildən həmin siyahıya Riyaziyyat–İnformatika (Rİ) alt qrupu üzrə kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisasları da əlavə edilib.

Onun sözlərinə görə, bununla da Rİ alt qrupu üzrə 150–200 bal toplayan abituriyentlər bu ixtisasları da seçə biləcəklər.

Abbaszadə bildirib ki, II ixtisas qrupunda da təxminən yeddi yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Həmin ixtisasların siyahısı ayrıca cədvəl şəklində təqdim olunacaq.

DİM sədri qeyd edib ki, III və IV ixtisas qruplarında isə ötən illə müqayisədə hər hansı dəyişiklik edilməyib və əvvəlki ixtisas siyahısı qüvvədə saxlanılıb.

Onun sözlərinə görə, tətbiq olunan yeniliklər 150–200 bal aralığında nəticə göstərən abituriyentlər üçün ixtisas seçimi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti