Image

DİM sədri - I və IV ixtisas qruplarında bəzi keçid ballarının artacağı gözlənilir

Bu il Azərbaycanda ali məktəblərə qəbul üzrə I və IV ixtisas qruplarında bəzi bal intervallarında keçid ballarının artacağı, II qrupda isə əsasən cüzi azalmanın müşahidə olunacağı proqnozlaşdırılır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib ki, I ixtisas qrupu üzrə 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Onun sözlərinə görə, buna səbəb həmin bal aralığında nəticə göstərən abituriyentlərin sayının artması və müsabiqənin güclənməsidir.

Abbaszadə qeyd edib ki, I qrup üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda balların 1–2, 500–600 bal intervalında isə 16 bala qədər azalacağı proqnozlaşdırılır. 400–500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi gözlənilir.

Onun sözlərinə görə, II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal arasında azalma proqnozlaşdırılır. Yalnız 200–300 bal intervalında abituriyentlərin sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksələ biləcəyi gözlənilir.

DİM sədri bildirib ki, III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 ballıq azalma ehtimal olunsa da, 500–600 bal intervalında, eləcə də 400–500, 300–400 və 200–300 bal aralıqlarında keçid ballarının 1–8 bal artacağı gözlənilir.

IV ixtisas qrupu üzrə isə müsabiqənin daha gərgin olacağı proqnozlaşdırılır. Abbaszadənin sözlərinə görə, artıq 1000-dən çox abituriyent 600 baldan yuxarı nəticə göstərib və bu səbəbdən həmin interval üzrə keçid ballarının 15–17 bala qədər yüksəlməsi mümkündür. O əlavə edib ki, 500–600 bal aralığında da artım gözlənilir, 400–500 bal intervalında isə keçid ballarının əsasən sabit qalacağı proqnozlaşdırılır.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti