MİQ üzrə vakansiya seçiminə 5 avqustdan başlanılır
Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin vakansiya seçimi mərhələsinə start veriləcək.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, ilk mərhələdə vakant yer seçimi hüququ test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə veriləcək. Bu proses avqustun 6-sı saat 11:00-dək davam edəcək.
Namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant yer seçə bilərlər. Təyinat namizədin vakansiyaları seçdiyi ardıcıllığa uyğun həyata keçiriləcək.
Nazirlik bildirib ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməyəcəklər.
Bundan sonrakı mərhələlərdə faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə, eləcə də ümumi vakansiyalar üzrə seçim keçiriləcək. Həmin mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.
Mənbə: anews.az