"28 May"-"Nizami" arasında avtobusla gediş 60 qəpik olacaq
"Bakı Metropoliteni" QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq və bu müddətdə təşkil ediləcək ekspres avtobus marşrutlarında gediş haqqı 60 qəpik olacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Anews.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Qurum bildirib ki, "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin müvəqqəti dayandırılması səbəbindən sərnişinlərin üzləşə biləcəyi çətinlikləri minimuma endirmək məqsədilə yerüstü ictimai nəqliyyatda əlavə tədbirlər görüləcək.
Məlumata görə, AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu yaradılacaq, eyni zamanda mövcud marşrutlarda avtobusların sayı artırılacaq. Ekspres avtobuslar metronun iş rejiminə uyğun olaraq hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.
Yeni ekspres marşrutlar aşağıdakılardır:
M1 – "Elmlər Akademiyası" – "28 May" M2 – "İnşaatçılar" – "Nizami" – "28 May" M3 – "20 Yanvar" – "Nizami" – "28 May" M4 – "20 Yanvar" – "Koroğlu" M5 – "20 Yanvar" – "Gənclik" M6 – "Elmlər Akademiyası" – "Gənclik"Bundan əlavə, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq, hərəkət intervalı isə azaldılacaq.
Qurum qeyd edib ki, metroda tikinti işlərinin davam etdiyi müddətdə sərnişin tələbatından asılı olaraq digər marşrutlarda da avtobusların sayının artırılması nəzərdə tutulur.
Gülnar Nazimqızı
Mənbə: anews.az