Image

Azad edilmiş ərazilərdə bir həftədə 1 581 hektar ərazi minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində avqustun 3-dən 9-dək 1 581 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında bildirilir.

Hesabat dövründə 20 tank əleyhinə mina, 87 piyada əleyhinə mina və 784 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın məlumatına görə, 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.

Müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.

Azərbaycan hökuməti mina təhlükəsinin aradan qaldırılmasını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasının əsas istiqamətlərindən biri hesab edir. Mina və partlamamış hərbi sursatların mövcudluğu insanların təhlükəsizliyinə, yaşayış məntəqələrinin bərpasına və iqtisadi fəaliyyətin genişləndirilməsinə əsas maneələrdən biri olaraq qalır.

Rəsmi statistikaya əsasən, Azərbaycanda mina qurbanlarının ümumi sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i qadındır.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfər isə mülki şəxs olub.

Qlobal statistikaya görə, mina qurbanlarının 84 faizini mülki şəxslər təşkil edir. Müharibə qalıqları və minalar xüsusilə uşaqlar üçün ciddi təhlükə yaradır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq