Image

Əfəndiyevin Cənubi Qafqazda sülhə dair məqaləsi EU Reporter-də dərc olunub

Azərbaycan Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Cənubi Qafqazda davamlı sülh perspektivlərinə həsr olunmuş məqaləsi Avropa mətbuatında yayımlanan EU Reporter informasiya portalında dərc olunub.

“Phone call for sustainable peace” başlıqlı məqalədə 8 avqust 2025-ci il tarixinin Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri olduğu bildirilir.

Əfəndiyev qeyd edib ki, həmin tarixdə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanmış Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirib.

Deputatın sözlərinə görə, Azərbaycan regional və qlobal təhlükəsizliyin təmin olunmasında fəal rol oynayıb və üzərinə düşən öhdəlikləri yerinə yetirib. O, 2020-ci il müharibəsindən sonra regionda baş verən dəyişiklikləri və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpasını Cənubi Qafqazın siyasi arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

Əfəndiyev məqaləsində Vaşinqtonda əldə olunmuş razılaşmaların bir il sonra konkret nəticələr verməyə başladığını bildirib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini və telefon danışığında ABŞ Prezidenti Donald Trampın, eləcə də ABŞ administrasiyasının sülh prosesindəki rolunun xüsusi qeyd olunmasını diqqətə çatdırıb.

Məqalədə iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yükdaşımalar və TRIPP marşrutunun həyata keçirilməsi kimi məsələlərin də müzakirə olunduğu qeyd edilir.

Əfəndiyev Azərbaycanı Cənubi Qafqazda davamlı sülhün təmin olunması və region xalqlarının rifahının yüksəldilməsi istiqamətində səylərini davam etdirən ölkə kimi təqdim edib. O, nəqliyyat, enerji, ticarət və investisiya imkanlarının genişləndirilməsində Azərbaycanın rolunu vurğulayıb.

Məqalə EU Reporter portalında “Phone call for sustainable peace” başlığı ilə yayımlanıb.

 

Mənbə: anews.az

Xəbər lenti