Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilir - FOTOLAR
Təhsilin İnkişafı Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilir.
Gundem.az xəbər verir ki, media nümayəndələri üçün təşkil edilən tədbirdə 80-nə yaxın mətbuat təmsilçisi iştirak edir.
Tədbir Təhsilin İnkişafı Fondunun fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.
Qeyd olunub ki, fəaliyyət dövründə Fond 40-dan çox layihənin təşkilatçısı və tərəfdaşı olaraq 20.000-dən yuxarı insanı əhatə edib. Təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi Fondun 2024-cü il ərzində xüsusi prioritet istiqamətlərindən biridir. Belə ki, Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest aviaşirkəti” MMC şirkəti arasında ianə müqaviləsi imzalanıb. Dövlət-özəl əməkdaşlığının bariz nümünəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə birgə xüsusi imtiyazlara sahib olacaq vahid tələbə kartının yaradılması istiqamətində işlər görülür.
Daha sonra Fond sədri media nümayəndələrinin suallarını cavablandırıb. (sfera.az)
Mənbə: gundem.az