Ukrayna “Starshield” sisteminə qoyulan məhdudiyyətlərin yeddi gündür qüvvədə olduğunu açıqlayıb
Ukraynada “Starshield” peyk rabitə sisteminin fəaliyyətinə qoyulan məhdudiyyətlər artıq yeddi gündür qüvvədədir.
Bu barədə Ukraynanın ABŞ-dəki müvəqqəti işlər vəkili Denis Senik “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, indiyədək nə Pentaqondan, nə də “SpaceX” şirkətindən məsələ ilə bağlı cavab və ya izahat verilib.
Diplomat bildirib ki, Pentaqon Ukrayna tərəfinin sorğularına cavab olaraq hər hansı məhdudiyyətin tətbiq olunduğunu təkzib etsə də, Amerika mediası şərh almaq üçün səfirliyə müraciət etməyə davam edir.
“Tamamilə birmənalı şəkildə qeyd etmək istəyirəm: bu, yerlərdəki real vəziyyətlə ziddiyyət təşkil edir. Təsdiq edə bilərəm ki, sürət məhdudiyyətləri həqiqətən də qüvvədədir”, – Senik yazıb.
O, məhdudiyyətlərin Ukraynadakı əməliyyatlara real təsir göstərdiyini və məsələnin təcili izahat və həll tələb etdiyini vurğulayıb.
“Yeddi gün cavabsız qalmaq çox uzun müddətdir”, – müvəqqəti işlər vəkili əlavə edib.
Bu arada, ABŞ Prezidenti Donald Tramp Asiya turnesinə başlamazdan əvvəl Ağ Evin qarşısında jurnalistlərlə söhbətində “Starlink”in iş sürətinə məhdudiyyət qoyulmasından xəbərsiz olduğunu bildirib.
Mənbə: anews.az