Image

Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq

Ermənistan və Azərbaycan transsərhəd çayların su ehtiyatlarından birgə istifadə, eləcə də ətraf mühit standartlarının qorunması məsələlərini müzakirə edəcəklər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin sual-cavab sessiyasında deputat Sona Kazaryanın sualını cavablandırarkən bildirib.

Deputat Ermənistan-Azərbaycan arasında transsərhəd suların idarə olunması üzrə əməkdaşlıq və müvafiq işçi qruplarının yaradılması məsələsi ilə bağlı əlavə məlumat istəyib. O, bu istiqamətin noyabrın 12-də Dublində Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə müzakirə olunduğunu xatırladıb.

Paşinyan münaqişəni geridə qoyan ölkələrin müxtəlif sahələrdə əməkdaşlıq etməli olduğunu deyib.

“Bizim Azərbaycan ərazisindən Ermənistan ərazisinə daxil olan, sonra yenidən Ermənistan ərazisindən çıxan və daha sonra yenidən Ermənistan ərazisinə daxil olan çaylarımız var. Əslində, bunlar ümumi çaylardır”, – baş nazir bildirib.

O, həmin su ehtiyatlarından birgə istifadə qaydalarının, o cümlədən ekoloji tələblərin müzakirəsinin vacibliyini vurğulayıb.

Paşinyan Türkiyə və İranla su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığı nümunə göstərib. O, xüsusilə Türkiyə ilə Axuryan su anbarından uzun illərdir birgə istifadə edildiyini qeyd edib.

“Bizim Türkiyə ilə belə bir əməkdaşlığımız var. Xüsusilə, Axuryan su anbarı sərhəddə yerləşdiyi üçün illərdir birgə istifadə olunur. Bu, dinc həyatın çox normal və zəruri gündəliyidir”, – Paşinyan deyib.

Baş nazir su məsələləri üzrə işçi qruplarının yaradılması prosesinə də toxunub. Onun sözlərinə görə, qruplar formalaşdırılır, lakin hələlik onların iclası keçirilməyib.

“İşçi qrupları yaradılır, heç bir görüş baş tutmayıb. Hazırda deyə biləcəyim yeganə şey budur. Amma bu baş verəcək və müzakirələr aparılacaq”, – o bildirib.

Noyabrın 12-də Dublində keçirilən görüşlə bağlı rəsmi açıqlamada İlham Əliyev və Nikol Paşinyanın ətraf mühit və transsərhəd su ehtiyatları sahəsində əməkdaşlığı vurğuladıqları, transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasını alqışladıqları bildirilib.

Mənbə: anews.az

Xəbər lenti