Image

Distant təhsil pilot olaraq Lənkəran və Astarada başlayıb

Ölkədə şagird sayı az olan yüzdən çox məktəbdə distant təhsil mərhələli şəkildə tətbiqinə başlanılıb. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTƏDA) direktor müavini Vəfa Yaqublu bildirib.

Yaqublu İTV-nin “Sabaha saxlamayaq” verilişində qeyd edib ki, pilot layihə Lənkəran-Astara regionunda bir neçə məktəbdə test edilib və nəticələr qənaətbəxşdir.

Onun sözlərinə görə, yuxarı siniflərdə biologiya, kimya, tarix və digər müəllim çatışmayan fənlər üzrə şagirdlər mərkəz məktəbin müəllimləri tərəfindən distant formada tədrisə cəlb olunur. Hər kənddən bir neçə uşaq həmin siniflərdə tədris alır.

Direktor müavini əlavə edib ki, şagird sayı az olan məktəblərin sayı daxili miqrasiyadan asılı olaraq dəyişir.

MÜTƏDA-nın məlumatına görə, Azərbaycanda 2025-ci il üzrə orta məktəblərin şagird sayı bəzi regionlarda demoqrafik dəyişikliklər və miqrasiya səbəbindən azalmaqdadır. Bu tendensiya distant təhsilin tətbiqini aktuallaşdırır.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti