ABŞ İraq və Suriyaya endirdiyi zərbələr haqda açıqlama yayıb - VİDEO
ABŞ qüvvələri İordaniyada ABŞ hərbçilərinə qarşı hücuma cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfi vurub.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
““Fevralın 3-də Moskva vaxtı ilə saat 16:00-da Mərkəzi Komandanlıq qüvvələri İraq və Suriyada SEPAH-ın Əl-Qüds qüvvələrinə və əlaqəli qruplara qarşı hava hücumlarına başlayıb. ABŞ silahlı qüvvələri 85-dən çox hədəfi vurub", - bəyanatda deyilir.
Qeyd edilir ki, əməliyyatda “çoxlu təyyarələr”, o cümlədən uzaq mənzilli bombardmançılar iştirak edib.
Bombardman edilən hədəflər arasında komanda və idarəetmə məntəqələri, kəşfiyyat mərkəzləri və dron anbarları olub və hava hücumlarında "125-dən çox dəqiq idarə olunan sursat" istifadə edilib.
Xatırladaq ki, ABŞ səlahiyyətliləri daha əvvəl İordaniyadakı Amerika əsgərlərinin İraq İslam Müqaviməti tərəfindən hücuma məruz qaldığını bildirmişdilər.
Pentaqonun məlumatına görə, bu zərbə nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-dan çoxu yaralanıb. ABŞ baş verənlərə görə də İranı günahlandırır. Amerika prezidenti Co Bayden təsdiqləyib ki, o, Vaşinqtonun İordaniya-Suriya sərhəddindəki hücuma dəqiq necə cavab verəcəyi ilə bağlı artıq qərar verib.
BAKU.WSMənbə: baku.ws