İsveçin NATO-ya üzvlüyü Putinə baha başa gələcək: Rusiyanı gözləyən TƏHLÜKƏ
Ötən gün Macarıstan Milli Məclisi də İsveçin NATO-ya qoşulması haqqında sazişi təsdiqləyib. Bununla da sözügedən ölkə bütün Alyans üzv ölkələrinin razılığını alıb.
Maraqlıdır, İsveçin NATO-ya üzvlüyünün nəticəsi nə olacaq?
Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, İsveç güclü orduya və hərbi infrastruktura, yeraltı aerodromlara, dəniz bazalarına malikdir:
“Bu ölkə güclü hərbi sənayesi ilə NATO-ya böyük töhfə verəcək imkanlara sahibdir. Hətta vaxtilə yarımçıq qoyduğu nüvə proqramı da var. İsveç NATO-da “təhlükəsizliyi istehlak edən deyil, istehsal edən” dövlətlərdən biri olacaq. İsveç və Finlandiyanın Atlantik ittifaqa qəbulu Baltik və Arktik regionlarında geostrateji vəziyyəti ciddi şəkildə dəyişir. Əvvəl Baltik dənizinin cənub sahil xəttinə NATO üzvləri - Estoniya, Latviya, Litva, Polşa və Almaniya tərəfindən nəzarət edilirdisə, Finlandiya və İsveçin üzvlüyündən sonra şimal sahilləri də alyansın nəzarətinə keçdi. Baltik dənizi “NATO gölü” halına gəldi”.
Ekspert xatırladıb ki, sözügedən ərazidə Rusiyanın iki hərbi dəniz bazası var:
“Bunlar Kornştadt (Sankt-Peterburq) və Baltiyskdır (Kalininqrad). Ehtimal olunan qarşıdurma zamanı NATO Fin Körfəzini bağlayıb həm bu iki bazanın bir-biri ilə əlaqəsini kəsə, həm də ümumən Rusiyanı Baltik dənizindən təcrid edə bilər. Bu halda Kalininqrad tam blokada şəraitində qalacaq. I Pyotr XVIII əsrin əvvəllərində Rusiyanın Baltik dənizinə stabil və qalıcı çıxışını təmin etmiş, orada yeni paytaxt şəhər salmış, güclü donanma quraraq rus çarlığını imperiyaya çevirmişdi. Bu gün məzardan qalxıb gələ bilsəydi, yəqin ki, Putinin qulağından tutub, Kremldən çölə atardı”.
Mənbə: gundem.az