FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu çimərliklərə üz tutan vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Nazirlik bəzi vətəndaşların maarifləndirmə tədbirlərinə baxmayaraq təhlükəsizlik tələblərini pozmasının bədbəxt hadisələrə səbəb olduğunu bildirib.
FHN-in məlumatına görə, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, işarələnmiş çimmə zonasından kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş vəziyyətdə çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, həmçinin xilasetmə vasitələri istisna olmaqla digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq qadağandır.
Nazirlik valideynlərə uşaqları nəzarətsiz qoymamağı, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib. Həmçinin qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanıb.
FHN təhlükə yarandığı halda vətəndaşlara 112 qaynar telefon xəttinə müraciət etməyi tövsiyə edib.
Mənbə: anews.az