Image

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutub və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olunub.

"Müasir dizaynı və yüksək komfortu ilə seçilən "A321neo" daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır", - məlumatda deyilir.

AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb. Əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir.

Uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq