Deputat: 5 250 vətəndaş tikinti fırıldaqlarının qurbanı olub
Son illərdə 20-dən çox tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi və 5 250 vətəndaşın zərərçəkmiş kimi tanınması mövcud problemlərin miqyasını göstərir. Bunu deputat Zahid Oruc bildirib.
"Belə hallar təkcə ayrı-ayrı ailələrin problemi deyil, həm də bazarın etibarlılığına, dövlət institutlarına inama və vicdanlı tikinti şirkətlərinin nüfuzuna mənfi təsir göstərir", - o bildirib.
Zahid Orucun sözlərinə görə, qanun layihəsi ilə mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq. Bu isə eyni daşınmaz əmlakın bir neçə şəxsə satılması və ya üzərində təkrar öhdəliklərin yaradılması riskini aradan qaldıracaq.
Deputat layihənin digər mühüm yeniliyinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 10 iş günündən 1 iş gününə endirilməsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu dəyişiklik vətəndaşların xidmətlərə daha operativ çıxışını təmin edəcək, investisiya layihələrinin icrasını sürətləndirəcək, bank və ipoteka əməliyyatlarını asanlaşdıracaq, alqı-satqı prosesində vaxt itkisini və əlavə xərcləri azaldacaq.
Zahid Oruc bildirib ki, rəsmi statistikaya əsasən, təkcə 2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlakın dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib və hər gün orta hesabla 1 000-dən çox qeydiyyat aparılır.
Deputat əlavə edib ki, Almaniya, Estoniya və Sinqapur kimi ölkələrin təcrübəsi daşınmaz əmlakın rəqəmsal qeydiyyat sisteminin investisiya mühitinin yaxşılaşmasına mühüm töhfə verdiyini göstərir.
Onun fikrincə, qanun layihəsi kağız sənədlərdən rəqəmsal dövriyyəyə, parçalanmış informasiya bazalarından vahid dövlət reyestrinə keçidi təmin edəcək. Deputat hesab edir ki, bu dəyişikliklər bələdiyyə aktları əsasında verilmiş, lakin indiyədək qeydiyyata alınmamış əmlakların hüquqi status qazanmasına, qeydiyyatsız ev və torpaq probleminin həllinə, mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına və daşınmaz əmlak bazarında yeni iqtisadi dəyərin formalaşmasına xidmət edəcək.
Gülnar Nazimqızı
Mənbə: anews.az