Image

Azərbaycanda 2 milyon şagird "Rəqəmsal Məktəb"də süni intellektdən istifadə edə biləcək

“Rəqəmsal Məktəb” platformasında şagirdlərin dərsliklər üzrə başa düşmədikləri mövzularla bağlı suallarını cavablandıran süni intellekt sistemi yaradılıb. Bunu Anews.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

“Biz süni intellekt yaratmışıq və bütün dərsliklərin üzərində uşaq nəyisə başa düşmürsə, sual verib cavab ala biləcək. V-X siniflər üzrə təhsil alan şagirdlər bu sistemdən istifadə edə biləcək”, - Xanlarov bildirib.

Onun sözlərinə görə, platformaya ayrıca rəqəmsal dərslik əlavə olunmayacaq, süni intellekt mövcud dərsliklərin məzmunu əsasında şagirdlərə kömək edəcək.

Xanlarov qeyd edib ki, hazırda “Rəqəmsal Məktəb” platforması Bakıdakı 350 məktəbdə təxminən 900 min istifadəçini əhatə edir.

“Rəqəmsal məktəb hələ ki, Bakıda tətbiq olunur. Tətbiq sentyabrdan artıq rayonlarda da aktiv olacaq”, - o deyib.

Platformanın əhatə dairəsi genişləndirildikdən sonra istifadəçilərin sayının təxminən 2 milyona çatacağı gözlənilir.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti