Image

Osman Gündüz məktəblərdə telefonların yığılmasına qarşı çıxıb

Məktəblərdə şagirdlərin mobil telefonlarının dərs gününün sonunadək xüsusi şkaflarda saxlanılması düzgün yanaşma deyil və telefon tədris prosesinin bir hissəsinə çevrilməlidir. Bunu  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Telefon uşağın tədris aləti olmalıdır. Təhsil Nazirliyi isə deyir ki, telefonu şkafa yığıb bağlayacaq və məktəbdən çıxanda uşağa verəcək. Mən bunun əleyhinəyəm”, – Gündüz deyib.

Onun sözlərinə görə, şagirdin dərs zamanı telefondan başqa məqsədlərlə istifadə etməsinin qarşısını ala bilməmək texnologiya ilə deyil, müəllimin sinfi idarə etməsi ilə bağlı problemdir. “Əgər müəllim uşağın öhdəsindən gəlmirsə, bu, müəllim problemidir, telefon problemi deyil. Müəllimin problemini həll etmək üçün telefonu şkafa yığmaq doğru deyil”, – o bildirib. Gündüz qeyd edib ki, mobil telefon geniş məlumat və təhsil imkanları yaradan vasitədir və müəllimin nəzarəti altında dərslərdə istifadə olunmalıdır.

“Telefon gözəl alətdir, hər şey onun içindədir. Onu şkafa qoymaq düzgün yanaşma deyil. Telefon tədris prosesinin tərkib hissəsi olmalıdır”, – ekspert deyib.

Azərbaycanda məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev qərar imzalayıb.

Qaydalara əsasən, şagirdlərin mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan dərs və məşğələlər zamanı istifadəsi qadağan olunur. Məktəbə gətirilən cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi mobil qutu, şkaf və digər xüsusi yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır. Şagirdlər müəllimin icazəsi və nəzarəti ilə elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün cihazlardan köməkçi vasitə kimi istifadə edə biləcəklər.

Mobil cihazlardan məktəb ərazisində təbii fəlakət, digər fövqəladə hallar və sağlamlıq vəziyyəti ilə bağlı informasiya mübadiləsi kimi zəruri hallarda istifadəyə də icazə veriləcək.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti