Temu-da SOCAR loqolu məhsullar satışa çıxarılıb
Çin mənşəli onlayn ticarət platforması Temu-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) loqosu yerləşdirilmiş müxtəlif məhsullar satışa çıxarılıb.
Platformada SOCAR loqosu əks olunmuş çantalar, kəmərlər, papaqlar, pulqabıları və digər aksesuarlar təklif edilir. Məhsulların satışı platformada müxtəlif satıcılar tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinnin (SOCAR) mətbuat katibi Emin Sevdimalı anews.az-a bildirib ki, məsələ ilə bağlı sorğuya yaxın zamanlarda cavab veriləcək.
SOCAR (State Oil Company of the Azerbaijan Republic) Azərbaycanın dövlət neft şirkətidir və ölkənin neft-qaz sənayesində hasilat, emal, nəql, marketinq və pərakəndə satış sahələrində fəaliyyət göstərir. Şirkət Azərbaycanın ən iri dövlət müəssisələrindən biridir və ölkə daxilində, eləcə də Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və digər ölkələrdə aktivlərə malikdir.
SOCAR-ın adı, loqosu və digər korporativ identifikasiya elementləri şirkətin əmtəə nişanları hesab olunur. Əmtəə nişanından sahibinin razılığı olmadan kommersiya məqsədilə istifadə edilməsi Azərbaycan qanunvericiliyi və beynəlxalq əqli mülkiyyət normaları çərçivəsində hüquqi məsuliyyət yarada bilər.
Temu isə 2022-ci ildə fəaliyyətə başlayan və Çinin PDD Holdings şirkətinə məxsus beynəlxalq elektron ticarət platformasıdır. Platforma müxtəlif satıcıların məhsullarını istehlakçılara təqdim edən marketplace modeli ilə fəaliyyət göstərir. Bu modeldə platformada yerləşdirilən məhsulların əhəmiyyətli hissəsi üçüncü tərəf satıcılar tərəfindən satışa çıxarılır.
Gülnar Nazimqızı
Mənbə: anews.az