AQTA: yas mərasimlərində zəhərlənmələrdə şübhə evdə hazırlanan lavaşdadır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə və Samuxda son günlər yas mərasimlərində qeydə alınan qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar zamanı istifadə olunan ev şəraitində hazırlanmış lavaşı əsas risk faktoru kimi müəyyən edib. Bu barədə AQTA-dan bildirilib.
AQTA-nın məlumatına görə, iyulun 12-də Gəncədə 7 nəfərin, iyulun 14-də Gəncədə daha 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin qida zəhərlənməsi faktı üzrə araşdırmalar aparılır.
İlkin epidemioloji təhlillər göstərib ki, hər üç yas mərasimində istehlak edilən qidalar arasında ortaq məhsul lavaş olub. Araşdırmalar zamanı həmin lavaşların qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarıldığı müəyyən edilib.
Agentlik bildirib ki, lavaş nümunələri laborator müayinəyə göndərilib. Müayinələrin nəticələri və məhsulun hazırlanma şəraiti ilə bağlı araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
AQTA vətəndaşlara qida məhsullarını yalnız qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən almağı, ev şəraitində hazırlanaraq mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az