Qubada hamilə qadın və bətnindəki dölün ölümü araşdırılır
Quba Rayon Prokurorluğu ev şəraitində antibiotik inyeksiyası olunduqdan sonra xəstəxanaya yerləşdirilən hamilə qadının və bətnindəki dölün ölümü ilə bağlı araşdırmalara başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində antibiotik preparatı vurulduqdan sonra səhhəti pisləşib və o, tibb müəssisəsinə çatdırılıb. Qadın iyulun 15-də müalicə aldığı xəstəxanada vəfat edib. Onun bətnindəki döl də xilas oluna bilməyib.
Prokurorluq bildirib ki, hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və iş üçün əhəmiyyət kəsb edən digər hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və müvafiq qərar qəbul ediləcək.
Mənbə: anews.az