Image

Anormal istilər Fransada kənd təsərrüfatına zərbə vurub, süd istehsalında itkilər 30%-ə çata bilər

Fransada davam edən anomal istilər və quraqlıq kənd təsərrüfatı sektorunda ciddi itkilərə səbəb olub. Süd məhsulları istehsalında itkilərin 20-30% arasında olacağı gözlənilir. Bu barədə France Info telekanalı Fransa Fermerlər Həmkarlar İttifaqı Federasiyasına (FNSEA) istinadən məlumat yayıb.

FNSEA-nın prezidenti Arno Russo bildirib ki, ölkədə uzunmüddətli quraqlıq, yüksək temperatur və meşə yanğınları fermerləri ağır vəziyyətə salıb.

"Fransa fermalarında əhval-ruhiyyə ən aşağı səviyyədədir. Bu, Fransa iqtisadiyyatı üçün əsl fəlakətdir", – Russo deyib.

Onun sözlərinə görə, böhran kənd təsərrüfatının bütün sahələrini əhatə edir və bəzi bölgələrdə məhsullar istidən tamamilə məhv olub. Russo əlavə edib ki, ilin əvvəlindən gübrələrin qiyməti təxminən 30% artdığı halda, kənd təsərrüfatı məhsullarının satış qiymətləri rekord dərəcədə aşağı olaraq qalır.

Fransa hökuməti vəziyyətlə əlaqədar fermerlərə dəstək məqsədilə 150 milyon avro yardım ayırdığını açıqlayıb. Yardımın avqustun 1-dən ödənilməsinə başlanacağı bildirilib.

Bu arada, Avropa Ölüm Monitorinq Sisteminin məlumatına görə, iyunun sonlarında Qərbi Avropanı bürüyən isti hava dalğası nəticəsində ən azı 10 min nəfər həyatını itirib. Statistikaya Fransa, İspaniya, Böyük Britaniya və digər ölkələrdə 22-28 iyun tarixlərini əhatə edən ölüm göstəriciləri daxil edilib.

Bundan əlavə, Gas Infrastructure Europe şirkətinin məlumatına əsasən, iyulun əvvəlində Fransada qeyri-adi isti hava şəraiti səbəbindən yeraltı anbarlardan qaz istehlakı kəskin artıb. Bu göstərici digər Avropa ölkələri ilə müqayisədə daha yüksək olub.

Mənbə: anews.az

Xəbər lenti